AZ RU EN
1 2 3 4

Hamiləlik Bel Ağrıları

 Neyrocərrah:     Əliosman Qədimbəyli


   Hamiləlikdə meydana cixan bel ağrısının səbəbləri tam olaraq məlum deyildir, ancaq bəzı faktorlar önəm daşımaqdadır.

   Hamiləlik zamanı  bel ağrısının rast gəlmə sıxlığı 40-60 % arasındadır. Başqa sözlə desək, hər 4 qadından 3-ü hamiləlik dövrü  boyunca bu şikayətə məruz qalmaqdadır. Bu dövrdə yaranan ağrılara diqqətsiz və biganə qalmaq olmaz.  Hamilələrin yalnız  15-20%-də  gündəlik həyata ciddi dərəcədə təsir edəcək qədər şiddətli bel ağrısı təsadüf olunur. Ağrıların böyük əksəriyyəti hamiləliyin 5  və 7  aylarinda görülür.  Doğuşdan sonra bu ağrılar keçib gedir.
 

  • Ağrıların  səbəblərindən biri onurğa, çanaq, büzdüm sümüklərinə düşən yükün artması və bu sümüklərdəki yüklənmədir. Hamiləlikdə görülən bel ağrılarının çəki artımıyla bir o qədər də çox əlaqəsi yoxdur. Hamiləliyin ilk üç ayında 700–1400 gr çəki artımı görülür. Bundan sonra hər həftə orta hesabla  400 qrama qədər   çəki artımı olur. Hamiləliyin son ayında isə bədən çəkisi  20 % qədər artır, halbuki son iki ayda hamilələrdə görülən bel ağrısının şiddəti və sıxlığı azalır.
  • Bel çuxurluğunun (lomber lordoz)  artması. Qarın əzələləri ilə bel əzələləri arasında normada bir tarazlıq vardır. Hamiləlikdə qarın əzələləri uzanaraq bel əzələləri qısalaraq bu tarazlığı pozur . Nəticədə bu hal beldəki çuxurluğun daha da artmasına səbəb olur ki, bu da ağrıların artmasında  mühüm rol oynayır.
  • Hamiləlikdə bel ağrısına səbəb olan digər önəmli faktor, oynaqları bir arada tutan bağlardaki elastiklik, tarazlığın pozulması və sakroiliak oynağın (çanaq və oma sümükləri arasındakı oynaq) gərginləşməsidir. Bağlardaki zəifləmənin səbəbi, dölün böyüməsinə mütənasib olaraq vücudun uyğunlaşması və doğum əsnasında doğuş yolunun genişlənməsini rahatlaşdıran relaksin adlı bir hormonun ifraz olunmasıdır. Sürətlə böyüyən döl bel və çanaq bölgəsində  gərilməyə səbəb olmaqdadır. Bu hormon (relaksin) hamiləliyin ilk üç ayında olduqca yüksək səviyyədədir.

          Relaksin hormonu : Bağların elastikliyini artıraraq, sokroiliak oynaqların və qasıq bitişməsinin elastikliyinin  artmasina səbəb olur . Bu halda bel ağrısı,  sakroiliak ağrı, qasıq ağrıları, ayaqlara vuran ağrılar müşahidə olunur.

  • Hamiləlikdə bel yırtığı yaranma risqi bir qədər artır. Ancaq daha da önəmlisi normada bel və ayaq ağrısına səbəb olmayacaq protruziyalar, yırtıqlar hamiləliklə əlaqədar olaraq ağrıların şiddətlənməsinə səbəb olmaqdadır.
  • Hamiləlikdə ayaq ağrısı sinir köklərinə və arteriyalara olan birbaşa təzyiqlə əlaqədar olaraq   işemiyanin yaranmasi ilə əlaqədar ola bilər. Hamiləliyin  son üç ayında ağırlaşmış uşaqlığin  arteriya və venalara olan təzyiqi nəticəsində ayaq ağrılari yarana bilər. Bu halda qan dövranının pozulmasi ilə əlaqədar  instrumental və laborator müayinələr aparılmalıdir. Böyümüş uşaqlığın sidik axarlarina olan kopressiyası da həyat üçün təhlükəli olan bel ağrisina səbəb ola bilər ki, bu hal da  nəzərdən qaçmamalıdir.

Hamiləlikdəki bel ağrısının azaltma yolları.
 

  • Duruşunuza diqqət edin. Döl böyüdükcə ağırlıq mərkəziniz ön tərəfə doğru meyl etməkdədir. Ön tərəfə düşməmək üçün vücudunuzu kompensasiya etməməyə çalışarkən  kürək əzələlərinizi gərginləşdirirsiniz ki, bu da bel ağrısına yol açacaqdır. Bu səbəblə duruş çalışmaları çox önəmlidir. Başınız və çiyinlərinizi dik, mümkün qədər önə əyilmədən gərgin vəziyətdə durmağa cəhd göstərin.
  • Hamiləlik müddətində  pəhrizə  ciddi bir şəkildə əməl olunmalıdır. Həddindən çox qidalanmaqdan uzaq olunmalıdır . Hamiləlik  pəhrizi; ət, balıq, pendir, yumurta və süd kimi zülalla zəngin olmalı və uyğun miqdarda təzə meyvə, tərəvəzdən ibarət olmalıdır. Çörək ,kartof, şirniyyat kimi karbohidratlarla həddindən çox zəngin olan, çəkinin artımına səbəb olan qidalardan az istifadə olunmalıdır.
  • Oturarkən bel boşluğunuzu  mütləq yumuşaq bir yastıqla dəstəkləyin və ayaqlarınızı bir  kətil üzərinə uzadın.
  •  Çox yumşaq oturacaqlardan istifadə etməyin.
  • İki   saatdan  çox eyni vəziyyətdə oturmayın.
  • Tez–tez vəziyyətinizi dəyişdirin və uzun müddət ayaqda qalmamağa çalışın. Əgər uzun müddət ayaqda qalmağınız lazımdırsa bir ayağınızı kiçik bir pillə üzərində istirahət etdirərək onurğaya düşən yükü azaldın.
  •  Yük qaldırmayın. Yerdən bir şey alacağiniz halda dizlərinizi bükün, onurganızı dik tutun , ayaqlarınız ve qollarınızdan dəstək alaraq qaldırın,lazim gələrsə kömək istəyin.
  • Yük daşiyarkən bütün ağırlığı ayaqlarınıza verdiyinizdən əmin olun və əşyanı mümkün qədər vücudunuza yaxın tutun.
  • Ortopedik və qismən sərt yataq istifadə edin. Yataqdan qalxarkən dəstək alıb qalxın,belinizə ağırlıq  verməyin.
  • Arxasi üstə deyil, yan yatmağa cəhd göstərin. Bir, ya da hər iki dizinizi bükün. Her iki dizinizin arasına və hətta qarnınızın altına yastıq qoymaq ağrıları azaltmağa yardımcı olacaqdır.
  •   Ortopedik ayaqqabı geyinin.Topuqsuz və ya 5 cm- dən yüksək topuqlu ayaqqabıları geyinməyin. Orta topuqlu ayaqqabilara üstünlük verin.
  • Doğru geyim istifadə edin. Alçaq və dəstəkləyici bel bantı olan  özəl hamiləlik geyimlərindən istifadə edin. Hamiləliyi dəstəkləyici kəmərlər istifadə edin.
  • Ardıcıl olaraq icra olunan idmanlar belinizi gücləndirəcək və ağrınızı azaltmağa  kömək edəcək. Həkiminizin icazəsi ilə  uzun yürüşlər edin,   velosipedlərdən istifadə edin. Tez -tez istirahət etməyə cəhd edin.
  • Yuxarıya doğru uzanaraq əşya götürməyin.
  • İdmanla məşğul olun. Əzələlərinizi  gücləndirəcək və elastiki hala gətirəcək bütün idmanlar özəlliklə pilates çox faydalıdır. Yalnız idmanların diqqətli , həkim tövsiyyəsi əsasinda icrası önəmlidir.
  • Bol su için. Hər gün bol miqdarda təmiz su içərək iltihab ilə nəticələnən hormonal dəyişikliklərin təsirini azalda bilərsiniz. Qısa fasilələrlə az-az  su içmək, uzun aralıqlı fasilələrlə  bol su içməkdən daha çox faydalıdır.

Hamiləlik Bel Ağrısının Müalicəsi
 

           Anidən başlayan şiddətli bel ağrılarında istirahət, korset tövsiyyə olunur. Əzələlərə relaksasiya vermək üçün   belinizə isti yun parça qoyaraq həkiminizin tövsiyyə etdiyi kremlə masaj edə bilərsiniz.

  • Buz tətbiq edin. İltihab azaldıcı yöntəmlərdən biri də ağrının olduğu sahəyə buz tətbiq edilməsidir. Hamiləlikdə artmış qan axımı səbəbi ilə buz iltihabın olduğu bölgəyə 10 dəq müddətində tətbiq edilməlidir, 20 dəq fasilə verdikdən sonra 10 dəq təkrarlanmalıdır. Bədəndəki bütün oynaqlara- ikisi istisna olmaqla buz tətbiq oluna bilər. Bunlar qoltuq altı və qalçalardır. Səthi qan damarları və limfatik dövran səbəbi ilə bu nahiyələrə buz qoyulması bədən temperaturunda ani düşmələrə səbəb ola bilər.
  •  Krioterapiya, ya da akupunkturanın hamilələrdəki bel ağrılarında müalicədə nə qədər effektiv olması dəqiqliklə təstiq olunmasa da bəzi xəstələrin ağrılarının azaldılmasında müsbət təsiri qeyd olunmuşdur. Eyni zamanda səthi təsirli fizioterapevtik proseduralar həkim icazəsi ilə icra oluna bilər.
  • Lazım olduğu halda həkim tövsiyyəsi ilə dərman müalicəsinə başlayın. Hamiləlikdə istifadə olunan
    dərmanlar seçərkən adətən vücuddan qısa müddətdə xaric oluna bilən dərmanlara üstünlük verilməli və dərman hamiləyə mümkün qədər qisa müddətli istifadə üçün təyin olunmalıdır. Hamiləlik zamanı Asetaminofen (Parasetamol) qrup dərmanlarının istifadəsinin heç bir əks təsiri yoxdur. Ancaq aspirin və ibuprofen tipli  digər ağrıkəsicilərin hamiləlikdə istifadəsi təhlükəlidir . Ağrıkəsiciləri istifadə etmək istədiyiniz zaman mütləq həkiminizlə məsləhətləşin.
  • Lokal inyeksiyalar: Ağrıların davam etdiyi hallarda sinirlərdəki iltihabi ,ağrini  azaltmaq məqsədiylə  uygun bölgəyə inyeksiyalar tətbiq oluna bilinir.

 

  • Cərrahi Müalicə: Hamiləlik  zamanı şiddətli bel və ayaq ağrıları, ayaqlarda qəfildən yaranan gücsüzlük, sidik ifrazinin pozulmasi hallarinda cərrahi əməliyyat təcili göstərişlə icra olunmalıdır. Cərrahi əməliyyat planlaşdırılan zaman hamiləliyin hansi periodunda olmasi önəmli əhəmiyyət kəsb edir. Əgər hamiləliyin son dövrlərində bu kimi hallar müşahidə olunmuş və bətn daxilində uşaq kifayət qədər inkişaf etmişdirsə əvvəlcə  uşaq doğurtulduqdan sonar ana əməliyyat olunur. Ancaq uşaq yetərli dərəcədə inkişaf etməmişdirsə  bu hal təcili göstərişlərə əsasən əməliyyat tələb etdiyindən yarana biləcək risklər göz önünə alınaraq ana əməliyyata alınmalıdır. Cərrahiyyə zamanı tövsiyyə edilən ağrisizlaşdirma metodu epidural anesteziyadır.