AZ RU EN
1 2 3 4

Zəifgörmənin səbəbləri

     İlk baxışda çox sadə görünən göz əslində çox mürəkkəb quruluşa malikdir.O, bib-biri ilə bağlı olan ayrı- ayrı hissələrdən ibarətdir.

    Görmədə iştirak edən əsas hissə gözün torlu qişasıdır ki, bu qişa da əslində beyində yerləşən görmə mərkəzinin periferik hissəsidir. Yəni biz əslində gözümüzlə deyil, beynimizlə görürük. Gözün optic systemi isə  gözə düşən işıq şüalarını sındıraraq torlu qişaya çatdırır. Bu gün də biz refraksiya-gözün işıqsındırma qabiliyyətindən bəhs edəcəyik. Bu da optic system tərəfindən həyata keçirilir. Optik sistemə gözün ön hissəsində yerləşən və gözün içərisini dolduran şəffaf mühitlər aiddir.

 Bütün bu optic system işıq şüalarını gözün görən hissəsi olan torlu qişaya ötürmək üçün damarsiz və şəffafdır. Onlar göz daxili maye ilə qidalanırlar.

     Normada  yığılan şüalar torlu qişanın üzərinə düşməlidir. Əgər şüalar torlu qişadan öndə və ya arxada yığılırsa zəif görmə əmələ gəlir. Optik sistemin işığı düzgün sındırmaması miopiya, hipermetropiya və ya astiqmatizmin əmələ gəlməsinə səbəb olur.Belə insanlar uzağı , bəzən isə həm uzaq, həm də yaxını pis görmədən şikayət edrlər.

    Uşaq doğularkən gözün ölçüləri kiçik olduğuna görə işıqsındırma qabiliyyəti zəif olur. Ona görə də körpələr normada bir az zəif görürlər.  Birinci 3 il ərzində uşaqların gözü intensiv surətdə inkişaf edir və 5-7 yaşa qədər artıq ön-arxa oxun uzunluğu böyük adam gözünün uzunluğunun 95 %-ni təşkil edir. Gözün olçüləri artdıqca görmə qabiliyyəti də artır və 100%-ə çatır. Gözün böyüməsi 14-15 yaşa qədər davam edir. 11-14 yaşdan sonra gözdə miopiyanın yaranma riski böyükdür. Bu halda gözün uzunluğu normal ölçüləri keçir və alınan şüalar torlu qişadan öndə toplanır.

    Bəs necə olur ki,həm yaxını, həm də uzağı eyni dəqiqliklə görə bilirik? Bu sual yəqin ki, çoxlarını düşündürür. Bunu təyin edən gözün akkomadasiyasıdır.Akkomadasiya gözün müxtəlif məsafələrdə olan əşyaları eyni dəqiqliklə görməsi üçün şərait yaradan xüsusiyyətidir.Bu xüsusiyyət isə büllura aiddir.Büllur insan gözündəki təbii linzadır.Bu linza öz gabarıqlığını dəyisməyə qadirdir. Belə ki,uzağa baxdığımız zaman bu linza yastılaşır,yaxına baxdıgımız zaman isə qabarır.Bu işdə isə büllura gözün içindəki əzələlər kömək edir.Bu o qədər tez və ani baş verir ki,İnsan bunu hiss etmir. Allah insan gözünü cox mükəmməl yaratmışdır. Hətta ən müasir kameralarda belə bu prosses bu qədər ani və dəqiq olmur.

   Bilməliyik ki,40 yaşından sonra büllurun elastikliyi azalmağa başlayır və bununla əlaqədar yaxına baxdıgımız zaman o öz qabarıqlığını artıra bilmir.Ona görə də bu yaşdan sonra yaxindangörmə pozulur.

   Akkomadasiya ilə bağlı başqa bir potologiya məktəb yaşlı uşaqlarda, əsasən də yeniyetmələrdə müşahidə olunur. Niyə məhz çox oxuyan uşaqlarda  gözlər zəifləyir? Bu sualı analar tez-tez mənə verirlər. Bəli, bu yaşlarda yaxındangörmə əmələ gəlir ki,buna da yalançı miopiya deyirik. Əslində isə bu akkomadasiyanın spazmıdır. Bu zaman yaxına baxarkən yığılan əzələ uzağa baxdıqda boşala bilmir və belə insanlar uzağı pis görür. Belə adamlarda  bas ağrıları şəklində şikayətlər meydana çıxır. Amma belə hallarda  qəti eynəklərdən istifadə etmək olmaz, baxmayaraq ki, bəzi eynəklərlə görməni korreksiya etmək mümkün olur. Bu görmənin daha da aşağı düşməsinə səbəb ola bilər. Belə halda mütləq həkim – oftalmoloq görməni yoxladıqdan sonra bəbəyi geləltməli və yalnız əzələlərin tam  boşalmasından sonra müayinəni təkrarlamalıdır. Yalnız bundan sonra miopiyanın həqiqi və ya yalançı olduğu aşkar olunur və müalicə və ya eynək təyin olunur.Onu da qeyd etməliyəm ki,uşaqlarda və yeniyetmələrdə zəiflik hiss olunarsa vaxtıda eynək təyin ounmalıdır. Çünki,gecikdiyimiz zaman artıq zəifliyi şüşəllər vasitəsilə korreksiya etmək mümkün olmur.Belə ki,uzun müddət eynək gəzdirməyən uşaqlarda göz tənbəlliyi yaranir.

   Hər hansı bir refraksiya pozğunluqları zamanı hazır eynəklərdən istifadə olunmamalıdır. Çünki insanların fərdi olaraq bəbəklər arasındakı məsafəsi müxtəlifdir. Eynək təyini zamanı isə bu məsafə mütləq nəzərə alınmalıdır. Görmə pozğunluqları  zamanı həm də kontakt linzalardan istifadə olunur. Və nəhayət refraksiya pozğunluqlarının əməliyyatla – ekzimerlazerlə korreksiyası da mövcuddur. 

    Qeyd edim ki, Ankara Medikal Center gözün ətraflı müayinəsi üçün müasir apparatlarla təhciz olunmuşdur. Müraciət edən xəstələrin geniş müayinəsi aparılır, eynəklər təyin olunur və müxtəlif  göz  xəstəliklərinin müalicəsi aparılır.

    Gözlərimiz bizim üçün çox qiymətlidir. Hər bir görmə pozğunluqları zamanı vaxtında həkimə müraciət edərsinizsə, zəifliyi daha tez aradan götürmək mümkündür. Çünki bəzi hallarda əlimizdən alınan görmə geri qaytarılmır. Gəlin həyata sağlam və iti gözlərlə baxaq.

 

                                                      Həkim – oftalmoloq   Novruzova  Aynur.