AZ RU EN
1 2 3 4

Qadınlar üçün intim təmizlik qaydaları

Normal şərtlərdə vaginanın yüksək qoruyucu mexanizmi və sidik kanalı sfinkterinin sidik kisəsinə keçidi çətinləşdirən qapaq mexanizmi sayəsində bakteriyaların genital nahiyədə və sidik yollarında infeksiya törətməsi əngəllənir. Hər ay görülən aybaşı qanaxması proteinlərlə zəngin olduğundan bakteriyaların inkişafı üçün uyğun şərait formalaşır və beləliklə infeksiyalar çox vaxt aybaşı dövründə meydana çıxır. Genital gigiyena haqqında məlumatlı olmanız həm ginekoliji həm də sidik yolları infeksiyalarından qorunmaq üçün çox əhəmiyyətlidir. 


Genital gigiyenanın 10 qızıl qaydası:

1. Həkim məsləhəti olmadan uşaqlıq yolunu yumaq üçün hazırlanan gigiyenik məhlullardan istifadə etməyin.
2. Tualet sonrası genital nahiyə təmizliyinin öndən arxaya doğru olmasına diqqət edin.
3. Bir çox bakteriyalar nəmli və isti şəraitdə çoxaldığı üçün genital nahiyənin quru olması çox vacibdir. Sintetik və dar alt paltarı geyinməməyə çalışın.
4. Sidik boşalma aktını gecikdirməyin. Sidik ifrazını gecikdirdiyiniz zaman bakteriyalar artıb çoxalmaq üçün lazımı zaman tapırlar.
5. Tam hazır olmadan cinsi əlaqəyə başlanmamalıdır. Quruluq mexaniki zədəyə səbəb ola bilər. Ehtiyac duyularsa həkim məsləhəti ilə nəmləndirici gellərdən istifadə edə bilərsiniz.
6. Əgər aybaşı dövründə tampon istifadə edirsinizsə, tez-tez yenisi ilə dəyişdirməyi unutmayın. Düzgün istifadə edilərsə, tamponlar vaginanın təbii şəraitinə zərərli təsir göstərmir.
7. Aybaşı dövründə cinsi əlaqədən qaçın 
8. Unutmayın, cinsi yolla keçən infeksiyalar kişidən qadına daha asan yoluxur. Cinsi yolla keçən infeksiyalar baxımından risk daşıyan biri ilə əlaqədə prezervativ tələb etməniz sizin təbii haqqınızdır. 
9. İntim bölgəni tüklərdən təmizləyən zaman xüsusi vasitələrdən istifadə edin. Ülgüc və vosk, tük köklərinin iltihabını asanlaşdırır. 
10. Qadınlar heç bir problemlə qarşılaşmasa belə, ildə bir dəfə ginekoloji müayinədən keçməlidirlər. Bu, özünü gec büruzə verən, bəzən isə simptomsuz keçən ginekoloji xəstəlikləri vaxtında aşkar etməyə kömək edər.