AZ RU EN
1 2 3 4

BEL AĞRISI

 Neyrocərrah:     Əliosman Qədimbəyli


   Bel ağrısı müxtəlif peşələrdə çalışan hər yaş qrupunda rast gəlinən geniş yayılmış tibbi-sosial  problemdir.  Hər 100 nəfərdən 80 –ni həyatlarında bir dəfə də olsun bel ağrısından əziyyət çəkir. Poliklinikalara bel ağrısı şikayəti ilə müraciət  edən xəstələrin sayı  yuxarı tənəffüs yolu infeksiyası ilə gələn xəstələrin sayından sonra ikinci yerdə durur.  Bel ağrısı təkbaşına xəstəlik olmayıb, hər hansı bir  patologiyanın əlamətidir.
 

    Bel nahiyəsi 5 bel fəqərəsindən təşkil olunmuşdur. Bu fəqərələrin arasında 5 ədəd disk vardır ki, bu disklər onurğanın ən geniş səthə malik diskləridir.Bu disklerin vəzifəsi yük daşımaq və hərəkət zamani amortizasiya yaratmaqdir. Disk üzərinə düşən gərginlik insanın duruşu ilə birbaşa əlaqəli olub, arxasıüstə uzanmış vəziyyətdə25 kgolduğu halda, oturaq vəziyyətdə 250 kg- qədər çatmaqdadır.

         Ümumiyyətlə onurga dayaq,hərəkət,müdafiə və amortizasiya olmaqla dörd funksiya yerinə yetirir.

Onurğanın bel şöbəsinin anatomiyası

         

       Bel onurğanın ən çox yük daşıyan bölgəsidir. Belimiz 5 ədəd fəqərə adlandırılan sümükdən və fəqərə aralarında yerləşən disk adlandırılan elastiki qığırdaqdan ibarətdir. Fəqərələr ,disklər və oynaqlar sirkulyar şəkildə onurğa beynini əhatə edərək qoruyucu funksiya daşıyır.

 

      Bu mükəmməl quruluş hesabına  bel vücudun yükünün daşınması,  yaranan yükün ayaqlara ötürülməsi və  duruşun  dik saxlanılması kimi əvəzedilməz funksiyaları yerinə yetirir. Fəqərəarası disklərin elastikliyi  müxtəlif bucaq altında  əyilmə hərəkətlərini təmin edir.

 

          Bu quruluş normal olduğu zaman hər hansı bir ağrı meydana gəlməz. Lakin onurğanın bu quruluşunun pozulmasına gətirib çıxaran hər hansı patoloji dəyişiklik ağrı şikayətinin  meydana gəlməsinə səbəb olur.

 

 

Bel Ağrısının Səbəbləri Nələrdir ?

 

 Bel ağrısına səbəb olan xəstəliklər aşağıdakılardır: Travma, degenerativ dəyişikliklər (osteoxondroz), şiş/xərçəng, infeksiya , iltihabi dəyişikliklər, revmatizm ,  anadan gəlmə anomaliyalar,əzələ-sinir qaynaqlı və psixoloji narahatlıqlar. Bundan başqa orqanizmdə olan digər xəstəliklər bel ağrısı şəklində özünü biruzə verə bilər. Məsələn prostat, sidik kisəsi , böyrək, bağırsaq,uşaqlıq ,yumurtalıq kimi daxili orqan xəstəlikləri bel ağrısı şəklində hiss edilə bilir.  Bizim ən sıx rastladığımız mexaniki bel ağrılarıdır.


“Mexaniki” bel ağrısı nədir?

       Mexaniki bel ağrısı belin doğru çalışmaması ilə əlaqədar beldəki əzələlərin, bağların, oynaqların kapsullarının gərilməsi nəticəsində meydana çıxır. Bu cəmiyyətdə “beldə tutulması” kimi tanınır.

       Mexaniki bel ağrısı  hərəkət zamanı artır  və istirahətlə  azalır . Mexaniki qaynaqlı bel ağrıları sıxlıqla onurğanın alt qisminə və  qalçaya doğru yayılan ağrılardır.

      Önə əyilmə, dönmə, yerdən bir şeyi qaldırma, uzun müddət  ayaq üstdə durmaq, yerimək kimi gündəlik hərəkətlə ağrı şiddətinin artmasına səbəb olur.