AZ RU EN
1 2 3 4

Qlaukoma - görmənin gözəgörünməz qatilidir.

 



 Bildiyimiz kimi insan xarici mühitdən informasiyanı  90%  gözlərlə alır. Buna görə də görmənin aşagı düşməsinə və itməsinə gətirib çıxaran bəzi xəstəliklər insanın həyatının dəyişməsinə və əmək qabiliyyətinin itməsinə səbəb olur. Bu xəstəliklər arasında qlaukoma əsas yer tutur. Qlaukoma bütün yaş dövrlərində, əsasən də orta və yaşlı nəsil insanlarda rast gəlinir. Yer üzündə yaşayan insanların 2-3%-i qlaukomadan əziyyət çəkir, amma onların yalnız yarısının öz xəstəliyi haqda məlumatı var. Hər il minlərlə insan görməsini itirir.

   Bəs insanların görməsini amansızca əlindən alan bu xəstəlik nədir? Qlaukoma – gözün xroniki proqressivləşən xəstəliyidir. Ona el arasinda  “Qara su “ da deyirlər. Qlaukoma göz daxili təzyiqin qalxması ilə müşayət olunur, görmə sinirini zədələyir və görmənin geridönməz şəkildə aşağı düşməsinə və itməsinə səbəb olur. Bu xəstəlik hər iki gözdə inkişaf edir, amma eyni zamanda deyil. İkinci gözdə o, bir neçə aydan və ya bir neçə ildən sonra inkişaf edə bilər.

   Xəstəliyin əsas gedisi fasiləsiz və yaxud periodik olaraq göz daxili təzyiqin artması ilə müşayət olunur.  Bəs nəyə görə təzyiq qalxır? Təsəvvür edin ki, gözə fasiləsiz olaraq, hər saniyə maye daxil olur. Bu maye gözün damarlı qatından gözün icərisinə süzülür və xüsusi kanal vasitəsilə gözdən xaric olur. Maye nə qədər daxil olursa, o qədər də xaric olmalıdır. Göz daxili təzyiq isə gözə daxil olan və xaric olan maye balansı ilə müəyyən olunur. Qlaukomada bu balans pozulur, xaric ola bilməyən mayenin bir hissəsi gözdə qalır və göz daxili təzyiqi qaldırır. Təzyiq nə qədər yüksək olarsa, nə qədər o, yüksək səviyyədə qalarsa, bir o qədər də çox görmə sinirini zədələmiş olur. Görmə siniri tədricən atrofiyalaşır, solur və tələf olur. Onunla birlikdə isə görmə tələf olur.

   Qlaukomanın 3 əsas forması var: qapalıbucaqlı, açıqbucaqlı, qarışıq. Qapalıbucaqlı qlaukomada göz daxili təzyiqin kəskin artması müşahidə olunur. O, özünü kəskin ağrı tutması ilə göstərə bilər: gözdə güclü ağrı əmələ gəlir, ağrı alın, gicgah nahiyyəsinə yayılır, gözün qarşısını duman alır, işığa baxarkən rəngli həlqələr (göy qurşağına bənzər) görünür, göz qızarır, göz qapaqları şişir,bəbək genəlir. Bəzən ağrı o qədər güclü olur ki, qollara, ürək nahiyyəsinə, qarın nahiyyəsinə yayılır və bu zaman başqa xəstəliyin əlaməti kimi də qəbul oluna bilər. Ağrı tutması zəif də ola bilər. Əsasən o, axşamlar müşahidə olunur. Belə kəskin ağrı tutmaları zamanı dərhal həkimə müraciət edin.  Acıqbucaqlı qlaukoma isə çox zaman simptomsuz keçir. Goz daxili təzyiq periodik olaraq qalxır, amma özünü heç bir əlamətlə biruzə vermir. Bu qlaukomanın daha təhlükəli formasıdır. Çünki xəstə ancaq görməsinin aşağı düşməsini hiss edib həkimə müraciət edir. Cox təəsüf ki, bundan sonra artıq itirilən görməni heç nə ilə bərpa etmək mümkün olmur. Məhz buna görə də 40 yaşdan sonra hər bir insan hər il göz daxili təzyiqin ölçülməsi və göz dibini müayinəsi üçün göz həkiminə müraciət etməlidir. İşığa baxarkən rəngli həlqələrin görünməsi, göz önündə üzən qara nöqtələr,gözdə olan daimi diskamfort, gözdə ağırlıq hissi,gözün tez-tez sulanması, qaranlıqda görmə qabiliyyətinin pisləşməsi, görmənin dumanlanması hallarında da mütləq qlaukomanı inkar etmək üçün həkimə müraciət etmək lazımdır.

   Beləliklə, qlaukomanın əmələ gəlməsi riskini artıran bir neçə faktor mövcuddur:

-       40 yaşdan yuxarı olan yaş dövrü. İnsan nə qədər yaşlı olarsa, risk o qədər böyükdür.

-         Yaxın qohumlarda qlaukomanın olması

-         Ürək-damar sisteminin potologiyası (  hipertoniya, miqren və s.)

-         Yaxındangörmə (miopiya) əsasən yüksək dərəcəli

-         Hormonal preparatların uzun müddətli qəbulu

   Əgər özünüzdə bu sadalanan faktorlardan hər hansı varsa, oftalmoloqun konsultasiyası mütləqdir. Qlaukomanın profilaktikası üçün spesifik yol yoxdur. Yalnız həkim oftalmoloqun baxışı bu  xəstəliyi daha erkən aşkar etməyə imkan verir. Diaqnostika əsasən gözdaxili təzyiqin ölçülməsi. biomikroskopiya, görmə itiliyi və görmə sahəsinin təyini, göz dibinin müayinəsi kimi müayinə üsullarını özündə cəmləşdirir.

   Onu da qeyd edim ki, gözdaxili təzyiqin qalxma səviyyəsi fərdi olaraq hər insanda müxtəlifdir. Bu isə görmə sinirinin zədələnməsinə görə müəyyən olunur.Belə ki, bir xəstədə bu təzyiq 25mm.c.s. , digərində isə  18mm.c.s. ola bilər.Bu müxtəlifliyi isə ancaq həkim oftalmoloq ayırd edə bilər. Əgər qlaukoma diaqnozu artıq qoyulubsa,müalicə həkiminin təyinatına mütləq əməl etmək, göz damcilarını vaxtlı vaxtında damızdırmaq lazımdır.Qlaukomada medikamentoz müalicə əsasdır. Amma əgər sizə əməliyyat təklif olunubsa, buna müsbət yanaşmaq lazımdır. Bəzi hallarda dərman müalicəsi effekt verməyə bilər və bu zaman əməliyyat sizin üçün yeganə xilas yolu ola bilər.

   Ümumiyyətlə, qlaukomanın başlanğıc dövründə  müalicəsi insanı korluqdan xilas edə bilər. Ona görə də əsasən 40 yaşdan sonra hər il həkim oftalmoloqun baxışından keçməyiniz mütləqdir.

       

 

                                                         Həkim-oftalmoloq   Novruzova Aynur